97 yaşlı Məsumə Məlikova universitetə niyə mütəmadi gedə bilmir?

Məsumə Məlikova
Azərbaycanın ən yaşlı universitet müəllimi kimi təqdim olunan hüquqşünas alim Məsumə Məlikova bir neçə gün əvvəl 97 yaşını qeyd edib. O, 1968-ci ildən Bakı Dövlət Universitetində çalışır və hazırda Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasına rəhbərlik edir. Modern.az-ın məlumatına görə, nəşr Məlikova ilə əlaqə saxlamağa çalışsa da, səhhətində yaranan problemlər buna imkan verməyib. Jurnalistlər bu səbəbdən onun çalışdığı fakültənin tələbələri ilə danışıb. Tələbələr Məlikova müəllimi fakültədə bir neçə dəfə gördüklərini, amma ondan dərs almadıqlarını bildiriblər. Onu yaxından tanımadıqlarını desələr də, xoş təəssürat yaradan insan kimi xarakterizə ediblər. Onların sözlərinə görə, professor hazırda universitetə mütəmadi gedə bilmir. Məlikova 1929-cu il noyabrın 22-də Bakıda anadan olub. 1952-ci ildə indiki Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilən ilk qadın hüquqşünas alim olub. Mənbənin qeyd etdiyi kimi, o, Azərbaycanın siyasi və hüquqi fikir tarixinin öyrənilməsi məktəbinin banisi sayılır. Məlikova çoxsaylı dərslik və monoqrafiyalarla yanaşı, 150-dən artıq elmi əsərin müəllifidir. Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanmasında iştirak edib, həmçinin 1978 və 1995-ci illər Azərbaycan konstitusiyalarının, eləcə də Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasının hazırlanması üzrə komissiyaların üzvü olub.
Mənbə ↗