Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən daha 252,5 milyon dollar Özbəkistana qaytarılır

Gülnarə Kərimovanın İsveçrədə müsadirə olunmuş aktivlərindən daha 252,5 milyon dolların Özbəkistana qaytarılması barədə saziş imzalanıb. Oxu.Az-ın Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatına istinadən xəbərinə görə, razılaşma İsveçrə ilə Özbəkistan arasında əldə olunub.
Məlumatda bildirilir ki, qaytarılacaq vəsait BMT-nin iştirakı ilə yaradılmış “İşonç-2030” trast fondunun hesablarına köçürüləcək. Fondun bu məbləği əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəltməsi nəzərdə tutulur.
“İşonç-2030” Kərimovanın aktivlərinin Özbəkistana qaytarılan hissəsini idarə etmək məqsədilə yaradılıb. Söhbət İsveçrə Baş Prokurorluğunun 2012-ci ildə müsadirə etdiyi aktivlərdən gedir. Bu, iki ölkə arasında həmin vəsaitlərin qaytarılması ilə bağlı imzalanan üçüncü sazişdir.
Xəbərdə qeyd olunur ki, 2022-ci ildə imzalanmış ilk razılaşma çərçivəsində təxminən 131 milyon dollar, 2025-ci ildəki ikinci saziş əsasında isə 182 milyon dollar trast fondu vasitəsilə Özbəkistana qaytarılıb. Yeni razılaşma ilə fonda daha 252,5 milyon dolların köçürülməsi nəzərdə tutulur.
Mənbənin məlumatına görə, Kərimovanın əmlakının ümumi dəyəri təxminən 1,4 milyard dollar qiymətləndirilir. Bu məbləğə Fransa, ABŞ və Latviyada olduğu bildirilən aktivlər də daxildir. Kərimova ağır cinayətlərdə təqsirli bilinərək məhkum edilib.
Mənbə ↗