Hikmət Hacıyev Aİ rəsmiləri ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının bir neçə yüksəkvəzifəli rəsmisi ilə görüşərək Bakı ilə Brüssel arasındakı əlaqələrin gündəliyini müzakirə edib. O, görüş barədə “X” hesabında məlumat paylaşıb, Bizim.Media yazır.
Hacıyevin sözlərinə görə, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və Baş katibin siyasi məsələlər üzrə müavini Olaf Skuq, eləcə də sülh, təhlükəsizlik və müdafiə üzrə müavin Devid Svax ilə aparılan söhbət əsaslı olub. Prezident köməkçisi Azərbaycan-Aİ münasibətlərini strateji əhəmiyyətli tərəfdaşlıq kimi xarakterizə edib.
Paylaşımda qeyd olunub ki, son yüksək səviyyəli təmaslar ikitərəfli əlaqələrə əlavə təkan verib. Hacıyev enerji sahəsində əməkdaşlığı, regional nəqliyyat bağlantılarının, xüsusilə Orta Dəhlizin inkişafını və Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı rolunu diqqətə çatdırıb. O, bərpa olunan enerji, rəqəmsallaşma, innovasiya və investisiyanı da gələcək əməkdaşlığın genişləndirilə biləcəyi sahələr sırasında göstərib.
Hacıyev həmçinin Aİ-nin genişlənmə və qonşuluq üzrə baş direktoru Qert Yan Kopman, Aİ Şurası prezidentinin baş məsləhətçisi Anna-Mariya Boura və Avropa Komissiyası prezidentinin baş diplomatik müşaviri Simon Mordyu ilə görüşüb. Məlumata əsasən, tərəflər strateji prioritetlər və ortaq maraqlar ətrafında fikir mübadiləsi aparıblar.
Görüşlərdə nəqliyyat və enerji təhlükəsizliyi başlıca mövzular sırasında olub. Hacıyev müzakirələrdə tərəfdaşlığın praktik təşəbbüslər və konkret nəticələr vasitəsilə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Onun açıqlamasında tərəflərin ortaq gündəliyə yeni sahələr əlavə etmək və əlaqələrdə yaranmış dinamikanı qorumaq niyyətində olduğu bildirilib.
Mənbə ↗