Nataliya Gotsiy Roman Abramoviçlə Bakıda ilk dəfə birlikdə göründü

Ukraynalı model Nataliya Gotsiy və rusiyalı iş adamı Roman Abramoviç Bakıda keçirilən Baku International Art Festivalda birlikdə görüntüləniblər. Lent.az-ın xarici mediaya istinadən yaydığı məlumata görə, cütlük ilk dəfə ictimai tədbirdə yanaşı görünüb və onların festivaldakı görüntüləri paparassilər tərəfindən lentə alınıb.
Gotsiy 42, Abramoviç isə 60 yaşındadır. Onların münasibəti barədə şayiələr əvvəllər də mediada yer alsa da, hər ikisi bu iddialarla bağlı susurdu. Xarici xəbərlərdə cütlüyün genişmiqyaslı müharibədən əvvəl görüşməyə başladığı bildirilirdi. Bakıda birlikdə görünmələri isə şəxsi həyatları ətrafında marağı yenidən artırıb.
Gotsiy daha əvvəl iş adamı Roman Nejniklə evli olub. Onların Spartak və Tamerlan adlı iki oğlu var. Modelin 2021-ci ildə “Bumboks” qrupunun solisti Andrey Xlivnyukla qısamüddətli münasibəti barədə də xəbərlər yayılmışdı. Gotsiy bu münasibət haqqında yalnız bitdikdən sonra danışmışdı.
Abramoviçin şəxsi həyatı da əvvəlki evlilikləri və münasibətləri ilə diqqət çəkib. O, əvvəl Olqa Lısova ilə evlənib; bu nikah üç il davam edib. Daha sonra keçmiş stüardessa İrina Malandina ilə ailə qurub və onların beş övladı olub. Abramoviçin Daşa Jukova ilə münasibətindən isə bir oğlu və bir qızı var. Gotsiydən əvvəl onun aktrisa Aleksandra Korendyukla münasibətdə olduğu bildirilirdi.
Model beynəlxalq karyerasına görə də tanınır. O, 2004-cü ildə Ford Supermodel of the World müsabiqəsinin qalibi olub. Sonrakı illərdə Vogue, Marie Claire, Numéro, Fashion Magazine və Elle kimi jurnallar üçün çəkilib, Yves Saint Laurent və Carolina Herrera ətirlərinin siması olub. Gotsiy Valentino, Dior və Dolce & Gabbana da daxil olmaqla moda evlərinin nümayişlərində iştirak edib. Mənbənin məlumatına görə, hazırda onun Telegram-da idman kanalı da var.
Mənbə ↗