Ramiz Mehdiyevlə bağlı Xoşqədəm Hidayətqızı illər əvvəlki qarşıdurmanı danışdı

Aparıcı Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı uzun müddət dilə gətirmədiyi xatirələrini bölüşüb. O, sosial şəbəkədəki paylaşımında hadisələrin 1999–2000-ci illərdə başladığını yazıb və açıqlamasını məhkəmə qərarının elan olunmasından sonraya saxladığını bildirib. Xoşqədəm Hidayətqızı qeyd edib ki, gözləməsinin səbəbi vaxtilə Mehdiyevi dəstəkləyən bəzi şəxslərin sonradan onun əleyhinə yazılar yazması olub.
Aparıcının sözlərinə görə, həmin dövrdə rəhbərlik etdiyi qəzetin bağlanmasına çalışılıb. O, qəzetdə dərc olunan müsahibədə ulu öndər və ailəsi barədə səslənən fikirləri təkzib etməsi üçün təzyiqlə üzləşdiyini iddia edib. Hidayətqızı bildirib ki, müsahibəni qəzet əməkdaşının uydurduğunu deməsi tələb olunub, lakin o, bu təklifi qəbul etməyib. Daha sonra, onun yazdığına görə, nazir köməkçisi ofisə gələrək müsahibənin məsuliyyətini əməkdaşın üzərinə qoymağı təklif edib.
Xoşqədəm Hidayətqızı paylaşımında mətbuat naziri olmuş Siruz Təbrizlinin onu nazirliyə çağırdığını da xatırladıb. Aparıcının iddiasına əsasən, qəzetin bağlanması müqabilində yeni adda qəzet, kompüterlər və 20 min dollar təklif olunub. O isə təklifi rədd etdiyini yazıb. Bundan sonra qəzetin məhkəməyə verildiyini və mübarizənin uzandığını bildirən Hidayətqızı, nazirliyin qarşısında qələm qırma aksiyası keçirdiklərini də qeyd edib.
Aparıcı yazır ki, sonda məhkəmədə qalib gəliblər. O, həmin vaxt MTN-ə rəhbərlik edən Namiq Abbasovun da ona kömək etdiyini bildirib. Hidayətqızı paylaşımında baş verənləri özünün ilk qələbəsi kimi dəyərləndirib. Bu xatirələri məhz indi açıqlamasını isə Ramiz Mehdiyevlə bağlı məhkəmə hökmündən sonra həqiqətin üzə çıxdığını düşünməsi ilə izah edib.
Mənbə ↗